ABŞ səfirinin Şuşa səfəri nəyə hesablanıb?| Vaşinqton da yeni reallıqları qəbul edir

2024/05/1715152028.jpg
Oxunub: 724     11:01     08 May 2024    
ABŞ səfiri Mark Libbi Şuşaya səfər etdi. Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yaydı.

“Bu gün səfir Libbi xanımı Danusia ilə birlikdə Füzuli və Şuşa şəhərlərinə səfər edib. Səfər zamanı səfir hökumət nümayəndələri ilə görüşməyi, xanımı ilə birlikdə Şuşa qalası, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Vaqif məqbərəsi ilə tanış olmağı və Cıdır düzünü gəzməyi və səfirliyin dəstəklədiyi ingilis dili proqramında iştirak edən yerli təhsil işçiləri ilə görüşməyi planlaşdırır”, - deyə səfirliyin məlumatında qeyd olunub.

Ancaq təəssüf ki səfir Mark Libbi bir neçə gün əvvəl Şuşaya səfər etməməsi ilə bağlı özfəaliyyətə yol vermişdi. O, bunun səbəbini belə açıqlamışdı: “Azərbaycan ərazisində səfərləri səfirlik planlaşdırır”. Səfir bildirmişdi ki, bu ərazilərə səfərlər bir az fərqli və bir az daha çox koordinasiya tələb edir: “Ancaq mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm. Odur ki, bunu etməyin vaxtı gələndə, mən bunu edəcəyəm”.

Lakin 2022-ci ilin yayında Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Bakı Enerji Forumu çərçivəsində Şuşa şəhərində təşkil olunan xüsusi sessiyaya qatılmışdı. Onun bu addımı ölkə ictimaiyyəti tərəfindən xoş qarşılanmışdı. Bu addım həm də Azərbaycanın ərazi bütövlüyünə hörmət sayılır. Bəs son bir neçə gündə nə dəyişib ki, səfir Vaşinqtondan Şuşaya səfər etmək və sırf rəsmi Bakının proqramı üzrə bir sıra yerlərə baş çəkmək barədə göstəriş alıb?

Təbii ki, ABŞ heç vaxt müharibədən sonra regionun yeni reallıqlarını tanımadığını rəsmi şəkildə deməyib. Amma Azərbaycan üçün ABŞ səfirinin Şuşaya səfəri demək olar müqəddəs əhəmiyyətə malikdir. Çünki qeyd etdiyimiz kimi, bu addım həm də Azərbaycanın ərazi bütövlüyünə hörmət sayılır. Təbii ki, buna qədər, xüsusilə səfirin öz sözlərindən imtina etməsi üçün böyük diplomatik iş aparılıb.

Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycan Prezidenti qeyd edib: “1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenicə bərpa etdiyi vaxtda Ermənistanın ölkəmizə qarşı təcavüzü ilə üzləşdi və müstəqilliyin bərpasından 4 ay sonra ermənilər Xocalı soyqırımını törətdilər. Yüzlərlə şəhər və kəndimizi işğal etdilər, oraları dağıtdılar. Otuzillik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdi. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək. Ötən ilin sentyabrında biz separatizmə son qoyduğumuz zaman onlar yenə də səhv etdilər. Onların bəziləri indi də səhv edirlər. Mən ABŞ və Fransanı nəzərdə tuturam. Düşünürəm ki, Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər”.

Belə çıxır ki, ABŞ də reallıqları qəbul edir. Görünür, ABŞ səfirinin Şuşa səfəri günü təsadüfi seçilməyib. 8 may Şuşanın işğal altına düşməsi günü kimi xatırlanırdı, bundan bir gün sonra isə Almatıda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılıb.

Dövlət Departamentinin rəsmi nümayəndəsi bildirib ki, dövlət katibi Entoni Blinken Ermənistan-Azərbaycan böhranının həllində iştirak edir. Vaşinqton səfirin Şuşa səfəri ilə Ermənistan-Azərbaycan danışıqlarında vasitəçiliyə can atdığını nümayiş etdirir?

Prinsipcə, daha bir vacib sual yaranır: Vaşinqtonun əsas məsələsi nədir, Azərbaycanın Rusiya ilə münasibətlərini pozmaq, yoxsa bu münasibətlərdən Rusiya ilə geosiyasi razılaşma üçün istifadə etmək?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Səfir   Şuşa   Səfər  


Bizi "telegram"da izləyin